Xəyallarını Toyota ilə bölüşən uşaqlar mükafatlandırıldı

Bu yaxınlarda Toyota-nın Azərbaycandakı rəsmi dileri Toyota Abşeron Mərkəzi şirkətin hər il bütün dünya üzrə uşaqlar arasında keçirdiyi “TOYOTA XƏYALLARIMDAKI AVTOMOBİL” müsabiqəsinin Milli mərhələsini uğurla təşkil edib və yekunlaşdırıb. Nəzərinizə çatdıraq ki, bu mühüm tədbir uşaqların təxəyyülünün və bədii ifadə qabiliyyətinin təkmilləşdirilməsi, sənətə olan marağın inkişafı və dəstəklənməsi üçün keçirilir. Müsabiqənin Beynəlxalq müstəvidə keçirilən ikinci mərhələsi isə uşaqlara öz istedadlarını və fantaziyalarını dünyaya nümayiş etdirmək imkanı verir. Toyota Abşeron Mərkəzi də bir parçası olduğu bu mühüm missiyanı layiqincə yerinə yetirməyə çalışıb.
Müsabiqə ölkəmizdə maraq doğurub və müvəffəqiyyətlə başa vurulub. İştirak üçün vacib olan bir sıra tələblər nəzərə alınaraq dekabrın 20-dək 3 yaş qrupu üzrə ümumilikdə 122 rəsm əsəri qəbul edilib. Dekabrın 27-də isə ikinci tur baş tutub və 28 rəsm finala keçməyə haqq qazanıb. 2017-ci il yanvar ayının 11-də final seçimlərindən sonra isə 9 qalib təyin edilib.
Qeyd edək ki, Toyota Abşeron Mərkəzi seçim prosesinə nəzarət üçün peşəkarlara müraciət edib. Münsiflər heyətinin üzvləri Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq kafedrasın müəllimi, reklam şirkətində kreativ-direktor vəzifəsində çalışan Mir Azər Abdullayev və hazırda Yunus Emre İnstitutunda Türk əl sənətləri üzrə dərs deyən, həmçinin, uşaqlarla iş təcrübəsinə malik rəssam, dizayner Zərifə Məmmədova bütün rəsmlərə diqqət və böyük həssaslıqla yanaşaraq qazananları seçiblər.
Nəhayət bütün seçim mərhələləri tamamlandıqdan sonra, 21 yanvar tarixində Toyota Abşeron Mərkəzində qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin başlanğıcında münsiflər heyətinin üzvləri də daxil olmaqla, bir sıra qonaqlar çıxış edib. Çıxış edənlər bu cür müsabiqələrin uşaqların inkişafında mühüm rol oynadığını vurğulayıb və bu inkişafa dəstək olduğu üçün Toyota Abşeron Mərkəzinə minnətdarlıqlarını bildiriblər. Daha sonra 3 yaş kateqoriyası üzrə qaliblər elan olunub və onlara mükafatlar təqdim olunub. Beləliklə, qaliblər aşağıdakı kimi sıralanıb:


1-8 yaş qrupu üzrə
1-ci yer: Əlizadə Səma
2-ci yer: Əhmədov Hüseynağa
3-cü yer: İsmayılzadə Mehdi

8-11 yaş qrupu üzrə
1-ci yer: Ağakişiyev Məhəmməd
2-ci yer: Əliyeva Nailə
3-cü yer: Cəfərli Rövşən

12-15 yaş qrupu üzrə
1-ci yer: Məmmədova Mənzərə
2-ci yer: Babayeva Günel
3-cü yer: Rzayeva Xumar